10/06/2024
Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin 6 iyun tarixində TÜRKPA-nın növbəti plenar İclasının iştirakçılarını qəbul edərkən türk dövlətləri ilə əlaqələrimizin prioritet istiqamət kimi müəyyən olunduğunu bir daha təsdiqlədi. Dövlət başçısı çıxışında qeyd etdi ki, TÜRKPA-nın bugünkü toplantısı böyük əhəmiyyət daşıyır. Əminəm ki, müzakirə ediləcək məsələlər bizim birliyimizi daha da gücləndirəcək. Eyni zamanda, hər dəfə qardaş ölkələrdən yüksək vəzifəli şəxslər ölkəmizə gələndə, bu bizi sevindirir. Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur. Məlumdur ki ,Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan Şuşa tarixən mədəniyyət şəhəri kimi tanınıb. Şəhərin simasında zəngin Azərbaycan mədəniyyətinin, o cümlədən də şəhərsalma mədəniyyətimizin izləri hər daşına, torpağına hopub desək, yanılmarıq. Şuşanın tarixi-mədəni zənginliyi həm də bütün Türk mədəniyyətinin qədimliyi və zənginliyi anlamında qəbul olunur. Şuşanın Türk dünyası üçün önəmi yalnız mədəniyyət paytaxtı olması ilə məhdudlaşmır. Burada həmçinin Azərbaycanın və Türkiyənin dövlət başçıları tarixi Şuşa Bəyannaməsini imzalayıblar. Beləliklə, Şuşa həm də Türk dünyasının kollektiv təhlükəsizliyinin əsası qoyulan şəhərdir. Qeyd edək ki, Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir, çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Həmçinin Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. İndiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac vardır. Dövlət başçısı TÜRKPA-nın növbəti plenar İclasındakı çıxışında onu da qeyd edib ki, bu cür zirvə toplantılarının ildə bir dəfə yox, daha tez-tez keçirilməsinə ehtiyac var. Türk dövlətlərinin başçılarının Zirvə görüşünün Şuşada keçirilməsi sözsüz ki, böyük mənəvi, siyasi əhəmiyyətə malikdir. Bu həm də rəmzi məna daşıyan bir görüş olacaq. Şuşa görüşü birlik və qardaşlığın Zirvəsi olacaq. Burada söhbət həm də 44 günlük müharibə zamanı və ondan sonrakı dönəmdə türk dövlətlərinin Azərbaycana verdiyi dəstəkdən gedir. Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və bu gün sürətlə quruculuq-bərpa işlərinin aparıldığı Şuşa şəhərinə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin səfərləri baş tutub. Azad edilmiş torpaqlarda Türk dünyası birliyinin əyani şəkildə təzahürüdür. Liderlərin Şuşada gözlənilən Zirvə görüşü isə bu birliyi daha da möhkəmləndirəcək. Çox qürurverici haldır ki, Şuşada Türk Dövlətlər Təşkilatının Zirvə görüşü yeni hədəflərə gedən yola işıq salacaq.